AY AMAN! UŞAĞIM MASTURBASİYA EDİR!

Övladınızı cinsi orqanına toxunarkən gördüyünüz zaman, verdiyiniz reaksiya nə oldu?

  1. Döyərək cəzalandırdım 
  2. Qışqıraraq təhqir etdim
  3. Otağa kilitlədim
  4. Panika ilə evdəki digər şəxslərə danışdım
  5. Yuxarıdakılardan ən az ikisini etdim…

(Bu reaksiyalarınızın, övladınızın gələcəkdə seksual problemlər yaşamağına şərait yaratma ehtimalının yüksək olduğunu diqqətinizə çatdırmaq istəyirəm.)

Heç anlayışla qarşılayan valideyn yoxdurmu? Var! Lakin, sayları çox azdır. Adətən verilən reaksiyalar yuxarıdakı kimidir. Sevdiyi məşğuliyyətdən vəya oyuncaqdan məhrum edənlər də olur.
Vəziyyətin ən qabarıq tərəfi isə, verilən reaksiyanın, masturbasiya edənin cinsiyyətinə görə dəyişdiyidir. Yəni, əgər qız övlad masturbasiya edərkən görünürsə, valideynlər onun gələcəkdə əxlaqsız, seks manyakı olacağına, pis yollara düşəcəyinə inanmağa başlayır. Lakin, masturbasiya edən oğlan uşağıdırsa, ona təriflər yağdırılar, etdiyi ilə qürurlanmağa başlayarlar.

Valideynlərin bu hal qarşısındakı panikasına, narahatçılığına göstərdiyimiz tolerantlığı, uşağın masturbasiya etməyinin normal olmağına da göstərməliyik. Bu olduqca təbii bir prosesdir və birbaşa onun psixoseksual inkişafına təsir edir. Uşaqlar adətən 3-5 yaşları aralığında bu davranışları daha sıx göstərirlər. Özünə “toxunmayan” uşaq yoxdur. Masturbasiya təsadüfən kəşf edilir. Uşaq öz genitalına toxunduğu zaman həzz aldığının fərqinə varır. Və zamanla bu davranışları təkrarlamağa başlayır. Ümumiyyətlə uşaq yaşı dövründə öyrənilən bütün yeniliklər təkrarlanaraq möhkəmləndirilir. Bunlardan biri də öz bədənindən alınan həzz və rahatlamanın öyrənilməsidir. Uşaqlar adətən öz əli ilə vəya hansısa bir sərt əşyaya sürtünərək “boşalırlar”. Bu boşalma böyüklərdən fərqli olaraq, axıntısız baş verir. Sadəcə genitalına toxunan ərəfədə istilənir, tərləyir, qıcıqlanma hiss edir və rahatlayırlar.

Sizi bir valideyn olaraq narahat edən məsələnin, uşağınızın masturbasiya etməyi yox, bunu nə qədər sıxlıqla etdiyi və başqalarının yanında etməyi olmalıdır. İşin sırf bu hissəsinə fokuslanmağınız lazımdır. Cinsiyyətçi (seksist) davranmadan, heç bir fərq qoymadan, uşağınıza ədalətli yanaşın. Anlayış göstərdiyinizi ona hiss etdirin. Hər nə qədər panikada olsanız da, qorxmuş olsanız da, bunu ona əsla hiss etdirməyin. Etdiyindən utandırmadan, mühakimə etmədən, iyrənc, pozğun vəya günahkar davranış kimi qiymətləndirmədən, onunla danışın.

Uşaqlar daha çox boş qaldıqlarında vəya emosional ehtiyacları ödənilmədiyində masturbasiyaya meyl edirlər. Gün ərzində çox sıxlıqla masturbasiya edən uşaq, tənhadır, sevgisiz qalmışdır.

Bəs mən nə edə bilərəm?

  • Uşağın məşğul olacağı fəaliyyətlərin sayını artırmaq, həvəsləndirmək, özünə inamını arrtıracaq işlərə yönləndirmək lazımdır. Dərsi ağırlaşdırın demirəm, həvəslə edəcəyi fəaliyyətlərə cəlb edin. Dərs stressindən qaçmaq üçün də masturbasiyaya meyllənə bilər uşaq.
  • Onu qucaqlayın, öpün, sığallayın. Dəyərli olduğunu hiss etdirin. Qohum-qonşunu susdurmaq üçün doğulmuş bir canlı yox, arzulanan, varlığı önəm daşıyan bir övlad olduğunu ona göstərin. Bunları edərkən özünüz də inanın, səmimi olun.
  • Masturbasiyanı edərkən daha uyğun zaman və məkan seçməyinə yönləndirin. başqalarının yanında etməkdən xoş şəkildə çəkindirin.
  • Aktivliyini artırın, fikrini daha maraqlı işlərə istiqmətləndirin. Onunla daha çox vaxt keçirin.

Masturbasiya nədir?

Cinsi davranışın xəyal qurularaq zehində yaşanması, əllə, yad bir cisimlə və ya sürtünərək boşalmanın təmin edilməsidir. Ta keçmişdən günümüzə qədər gəlmiş, masturbasiya haqqında yanlış inanclar və miflər mövcuddur. Bunlardan bəziləri, masturbasiya edənin fiziki inkişafdan qalması, insanları dəli etdiyi, bədənlərində ölümcül xəstəliklər yaratdığı, insanları kor etdiyi və onları əxlaqsızlaşdırdığıdır.
Masturbasiya normaldır, təbiidir, insanidir, təbiətin qanunudur. Heç bir dinə, mədəniyyətə zidd deyildir, günah deyildir, lənətli heç deyildir!

Cinsiyyətçilik (seksizm) nədir?

Bir cinsin digərindən üstün olduğunu müdafiə edən yanaşma və ideologiyadır. Tarixdə kişilərin qadınlara qarşı, heteroseksualların homoseksuallara qarşı üstünlüyü, irqçilik şəklində rast gəlinir və hal-hazırda da aktuallığını qorumaqda, insanlar arasında hələ də etik bir dəyər və tabu olaraq varlığını davam etdirməkdədir. Cinsiyyətçiliyin insanlar arasında niyə belə geniş şəkildə qəbul görüldüyünə dair olan müzakirələrin nəticələri ümumilikdə aşağıdakı kimidir:

Ailə, cəmiyyət və müxtəlif dinlərdən öyrənilən və əxlaqi cəhətdən doğru olduğu zənn edilən mədəni və etik normalar, dəyərlər, tabular, qaydalar, qanunlar, adət-ənənələr cinsiyyətçiliyi mümkün edir və adiləşdirir.

Uşaq, övlad, seksuallıq və masturbasiya kimi sözlərin yan-yana gəlməyi sizi narahat edə bilər. Bir valideyn üçün uşağı balaca ikən gözlənilməz, ağlagəlməz ola bilər. Lakin, övladınıza patalogiya qazandırmaqdansa, bunun təbii olduğunu qəbul etmək daha rahat və sağlam olacaqdır. Oxuyub, araşdıraraq da çox məlumatlar əldə edə, bunun tibbi və psixoloji cəhətdən normal olduğunu daha rahat qəbullana bilərsiniz.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə.

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

3 thoughts on “AY AMAN! UŞAĞIM MASTURBASİYA EDİR!

  1. Çox təəsssüf ki, ölkəmizdə valideyn-övlad münasibətləri normal olmadığı üçün belə hallar zamanı valideynlər yanlış addımlar ataraq uşaqların psixologiyasına mənfi təsir göstərir və bu gələcəkdə arzuolunmaz nəticələrə gətirib çıxarır. Mövzu ciddidir və bununla bağlı sosial təbliğat aparılmalı insanlar maarifləndirilməlidirlər.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh üçün bağlıdır.