Bir valideynin uşağını, müəllimin şagirdini… insanın insanı təhqir etməsini təxəyyül edərkən: söymək, döymək, alçaltmaq, üstünə qışqırmaq kimi sözlər və görüntülər keçdi ağlınızdan, deyilmi? Bunlardan daha betəri varmı deyə soruşsanız, var deyərəm.
Daha da betəri var: səssiz sözlü alçaltma.
“Övladıma heç vaxt səsimi yüksəltməmişəm, ona əl qaldırmamışam” deyə qürrələndiyiniz halda, onunla münasibətinizdə vəya onun davranışlarında yolunda getməyən birşeylər olduğunu düşünürsünüz. O zaman bunu yaxşıca oxuyun: Təhqir, alçaltma, istismar səssiz də ola bilir. Dağıdıcı olmaq, səsini yüksəltmədən də mümkündür.
Çox vaxt sizlərdən “Sağlam övlad yetişdirmək istəyirəm, bunun üçün nə etmək lazımdır?” tipli suallar, çözüm yolları axtaran məktublar alıram. Bu yazımda cavablarını tapa biləcəksiniz.
Əgər övladınız qırmızı köynək almağınızı istəyir, amma siz ona mavi köynək alırsınızsa;
Əgər övladınız ac olmadığını dediyi halda, ona yemək gətirir, hətta zorla yedirirsinizsə;
Əgər övladınızı “böyük yanında danışma”mağa alışdırırsınızsa;
Əgər övladınızı etməyi istəmədiyi birşeyə məcbur edir və etmədiyi üçün hətta hirslənirsinizsə;
Əgər övladınız “belə”dir, lakin, siz ondan “elə” olmağını inadla istəyirsinizsə;
Əgər övladınız hər hansı bir mövzuya öz fikrini bildirirsə, siz isə lağ ifadə ilə ona vəya ətrafdakılara baxırsınızsa;
Əgər övladınız yıxılıbsa vəya əlindən birşey düşübsə, ona “biyabırçı bacarıqsızsan!” mesajını verən bir baxış atırsınızsa;
Əgər övladınızın məhrəmini başqalarının içərisində, o istəmədiyi halda danışırsınızsa;
Əgər övladınızı sizin istədiyiniz ixtisası seçməyinə məcbur edirsinizsə….
Ona bu mesajı vermiş olursunuz: sən bir heçsən! Beləcə o, sizinlə kontaktını kəsməyə başlayır. Dərdini-sözünü danışmır, dediklərinizin əksini edir (ziyan görəcəyini bilsə də), zaman-zaman qəzəb partlamaları olur. Övladınızdan xəbərsiz, özünüzün seçdiyiniz psixoloqların qapısını döyərək: bu uşaqda niyə özgüvən yoxdur? deyə çözüm axtarırsınız. Övladınız razı qalsa belə, hansısa səbəbdən psixoloqu bəyənməyib, terapiyasının tam ortasında anidən uzaqlaşdırırsınız.
Övladınız müəyyən yaşa çatana və sorğulama bacarıqlarını inkişaf etdirənə qədər sizin düşüncə və davranışlarınızı model və avtoritet olaraq qavrayır. Yuxarıda misal gətirdiyim tip davranışlarla özünün dəyərsiz, şəxsiyyətsiz, seçimlərinin-zövqünün, mühakiməsinin olmadığı bir heç olduğuna inancını başladacaqsınız. Uşaq valideynlərindən gördüyü bu münasibəti rasionalizə və normalizə etdiyi üçün, başqalarından gələn təhqirə qarşı müdafiəsiz olur. Hətta buna layiq olduğuna, bunun belə də olmalı olduğuna inanmağa başlayır. Yadınızda saxlayın: uşaqların şüurlu özünümüdafiə mexanizmləri yoxdur.
İnsan, iqnor edilmişliyin, sevgisizliyin və rədd edilmişliyin verdiyi ağrıdan qaçmaq üçün özünə qapanmağı seçir bəzən. Bəzən isə sadəcə buxarlanır.
Övladınıza özsayqını aşılamaq üçün əvvəla ona “Sən necəsənsə elə bu yaxşıdır və mən səni belə qəbul edir, hörmət edir və sevirəm” mesajını verbal vəya qeyri-verbal şəkildə verməyiniz lazımdır. Və əsla dağıdıcı davranışlarınıza “bu onun yaxşılığı üçündür” deyərək bəraət qazandırmayın. Sizdən gördüyü və normalizə etdiyi davranış və yanaşmaları sorğulama yaşına çatdığında, iş-işdən keçmiş ola bilər.
Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.