Narsissistizm və eşq
Özünü bəyənməsi ilə tanınan narsissist bir insanın eşq macərası necə olur, bu duyğunu yaşayırmı bilmək istərsiniz, deyilmi?
Təxminləriniz vardır mütləqki. Əvvəlcə empatiya qurun, sonra da aşağıdakı açıqlamamı oxuyun. Görək nə dərəcədə tanıya bilirik yaxınımızdakı narsissistləri.
Hər insanın özünü bəyənməyə ehtiyacı vardır. Bunun üçün də xarici dəstəyə müəyyən dərəcədə ehtiyac duyar. Bir insan, özünə hörmət edə bilməyi, özünü bəyənə bilməyi üçün nə qədər çox xarici dəstəyə, başqalarının tərif, qəbul və heyranlığına ehtiyac duyursa, o dərəcədə narsissistdir. Bu şəxslər, özlərinə hörmət edə bilmək üçün səy göstərmək, başqalarının tərif və təqdirini qazanmaq məcburiyyətindədirlər.
Dolayısı ilə narsissistlərin həssas nöqtələrini qıcıqlandıran da özünə heyranlıqla baxan gözlər və heyranlıqdan açıq qalmış ağızlardır. Qarşısındakı insanın özünə duyduğu və duyacağını təxmin etdiyi heyranlıq, ona özünü o qədər yaxşı hiss etdirir ki, varlığında xoşbəxtlik və coşqu, yoxluğunda həsrət və ağrı hiss edər. Bu da əslində eşq filan deyil, ehtiyacı ödəyən bir obyektə duyulan istəkdir. Kofeni sevmək kimi birşey. Sadəcə yaxşı bir hiss oyandırdığı üçün duyulan xoşhallıq, eşq deyil. Həqiqi mənada eşq o şəxsin xüsusiyyətlərinə duyulan bir heyranlıq üzərinə inşa edilir. Amma bir narsissit üçün qarşı tərəfə hiss etdiyi şey, qarşı tərəfin ona duyduğu heyranlığa duyulan ehtiyacdır.
Obsessiv xarakter və eşq
Hər bir xarakterin özünə aid həssas nöqtəsi vardır. Keçən dəfə narsissistlər haqqında yazdıq. Obsessivlərinki güvəndir. Əsas xüsusiyyətləri özlərini aciz hiss etməkləridir, həyatla mübarizə apara bilməyəcəklərini düşündükləri üçün əllərindən tutan biri olsun istəyərlər. Hər işdə onlara kömək edən birinə ehtiyac duyarlar. Onların aşiq olduqları insanlar da, bu ehtiyacı qarşılayanlardır. Birinin ona kömək etmək istədiyini düşünər və bunu edə biləcəyinə inanarsa o şəxsə rahatlıqla aşiq olarlar.
Onlar çox qayda – qanun tərəfdarı, əxlaqçı, nizamlı, vasvası və mükəmməlliyyətçi insanlardır. Hər şeyin bir doğrusu olduğunu zənn edərlər. Daima “lazımdır”, “belə olmalıdır”, “vacibdir” sözləri ilə danışarlar. Hər mövzuda ən düzgün olanı öyrənib, ona görə davranmağa çalışarlar. Yəni, nə istədiklərinə, nə hiss etdiklərinə görə deyil, doğru olduğunu düşündükləri şeylərə görə davranarlar. Əsas xüsusiyyətlərindən biri də, gecə başlarını yasdığa qoyduqları zaman özlərini məhkəməyə çəkən bir superegolarının olmağıdır. “Kaşki belə etməsəydin”, “orda belə deyə bilərdin”, “o hərəkəti niyə etdin?” və s. deyərək burunlarından gətirirlər. Daima özlərini tənqid edən, sorğulayan və qəbahət tapan bir superegoları var. Dolayısı ilə öz doğrularını təsdiqləyən, superegolarının bir təsdiqçisini, özü kimi fikirləşən insanı tapırlar. Ancaq həqiqi anlamda aşiq ola bilmirlər. Çünki, nə hiss etdiklərini bilmirlər. Həmişə məntiq çərçivəsində hərəkət edir, ağılları ilə seçməyə çalışırlar.
Obsessivlər və narsissistlər
Obsessiv və ya tabeçi insanlar bəzən tamamən zidd xarakterli insanları da seçə bilirlər. Çünki, artıq onlar da bezara gəliblər. Qayda – qanun, nizam – intizamlı tip insanlardansa, spontan həyat tərzi yaşayan insanlara meyl edirlər. Lakin, onlar üçün belə bir münasibəti davam etdirmək olduqca çətin olur.
Özlərində olan, özlərində olmağını istədiklərini və ya özlərində olduğunu düşündükləri xüsusiyyətləri daşıyan, dolayısı ilə bir formada özlərinə oxşayan insanları bəyənə bilən və onlarla olmaq istəyən narsissistlər, çox vaxt bir – birlərinə “aşiq” olurlar.
Narsissistlər bir neçə cür olurlar. Birinci qrup, başqa insanlarda heyranlıq oyandırmaq üçün çırpınan, atıb – tutan, öyünənlər. İkinci qrup da, əslində eyni gözləntilər içərisində olan, amma, bunları basdırmış insanlardır. Dağarcıqlarında heyranlıq oyandırmaq üçün ətrafa təqdim edəcək çox şeyləri olmadığını düşünürlər. Bunun yerinə, heyranlıq oyandıran, asanlıqla öyünə biləcək insanlarla yaxınlıq quraraq, onunla yaxınlığı üzərindən nüfuzlu olmağa çalışırlar.
Məhz bu iki tip narsissistin birlikdəliyinə istər sevgili və ya evli olaraq, istərsə də dost – yoldaş olaraq çox sıx rast gəlinir. Cütlüyün bir nümayəndəsi tanınan – bilinən, populyar biri, açıq bir narsissist ikən, digəri onun sağ qolu, dəstəkçisi, arxasındakı şəxsdir.
Obsessivlər də narsissistlərə aşiq ola bilirlər. Bu da digər bir versiyadır. “Mən acizəm, əlimdən heç nə gəlmir” deyən bir obsessiv, “Mən hərşeyi bacarıram” deyən narsissistə asanlıqla aşiq ola bilir. Şüurdankənar bir razılaşma var sanki aralarında: Asılı (tabeçi) xarakterli biri narsissistə heyranlıq duyaraq onun heyran olunma ehtiyacını qarşılayarkən, narsissist də tabeçinin güvən ehtiyacını qarşılayır.
shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.