Sərhədlər (çərçivə) terapiyanın əsas hissəsi deyil, özüdür. Təməlidir. Nəinki psixoterapevtik müalicədə, həmçinin bütün sağlamlıq xidmətlərində diqqətə alınmalıdır.
“Sevimli pasiyentimlə selfi” tipli paylaşımlar qeyri-professionaldır, sərhədlərin pozulmasıdır, zərərlidir, iyrəncdir.
Şəxsin icazəsi var- demək, cinsi istismara məruz qalan uşağın rizası var idi deməklə eyni şeydir. Terapiya, müalicə insanların özlərini təslim etdiyi, müdafiyəsiz, çarəsiz olduğu yerdir. Bundan istifadə etmək mübaliğəsiz cinayətdir.
Terapist-pasient münasibəti ömürlük terapist-pasient münasibəti olaraq qalmalıdır. Əksi, sərhədlərin pozulmağıdır. Hər iki tərəf üçün zərərlidir.
Əgər bir-birlərini terapiyadan əvvəl tanıyırlarsa, terapiyaya başlanılmaz. Başqa məsləkdaşa yönləndirilməlidir. Terapistlə pasient arasında ikili münasibət qaçınılmazdırsa, bunun öz sərhədləri vardır. İlk seansda bəzi şərtlər danışılır, qəbul edilir.
Kiçik şəhərlərdə, cəmiyyətlərdə işləyən psixoloqların pasientlərinə əvvəlcədən rast gəlmiş olmaqları bəzən qaçınılmaz ola bilir. Pasient üçün də realda tanıdığı (reklam səhifəsindən yox) psixoloqu seçmək daha güvənilir gələ bilər.
Bu məqamda sərhəd aşımı (boundary crossing) ilə ikili münasibətlər (dual relationship) arasındakı fərqi bilmək vacibdir.
Pasientindən hədiyyə almaq-vermək, seans vaxtını uzatmaq, əşya əmanət etmək, şəxsi təcrübəsini paylaşmaq (çərçivədən kənar) sərhədlərin aşımıdır.
Sərhədləri aşmaq və ya keçmək ilə pozmaq fərqli nüanslardır: boundary crossing – boundary violation.
Terapiya seansının vaxtını həmin an uzatmaq lazım gəlirsə, bu haqda izahat verilərək, öncədən xəbərdar edilməli, sonra seansa davam edilməlidir.
Terapevtin şəxsi təcrübəsini, düşüncəsini və ya özü haqqında məlumat paylaşmağı ancaq pasientə fayda verəcəyinə əmin olduğu müddətdə baş verməlidir. Burada pasientin problemi, şəxsiyyəti, situasiyası, tarixçəsi, kültürü və s. nəzərə alınmalıdır.
Terapist planlı şəkildə sərhəd aşımı edərkən iki nüansı nəzərə alır: pasientin rifahını və terapiyanın effektivliyini.
Planlı sərhəd aşımı digər terapevtik müdaxilələr kimi, pasientin problemini nəzərə alan, stratejik qurulmuş və aydın şəkildə artikulə edilmiş müalicə planının bir hissəsi olmalıdır.
Bu metodun Borderline şəxsiyyət pozuntularında və akut paranoidlərdə tətbiqi məsləhət deyil. Bu pasientlərlə effektiv terapiya, çox vaxt yaxşıca təyin edilmiş zaman və məkan sərhədləri və aydın şəkildə qurulmuş terapevtik şəraiti tələb edir.
İkili münasibətlərdə çox vaxt sərhəd aşımı etdiklərinə görə, terapistə qarşı da eyni kriteriyaları tətbiq edirlər. Belə münasibətlər plansız və qaçınılmazdırsa belə, klinik effektivlik cəhətdən hər zaman bir narahatçılıq yaradacaqdır.
Qısacası, sərhəd keçişləri terapevtik planın bir hissəsidir və terapevtik effektivliyi artıra bilər(Lazarus & Zur, 2002).
Bütün ikili münasibətlərdə sərhəd kəsişmələri ola bilərkən, istismarçı ikili münasibətlər sərhəd pozuntusudur (boundary violation).
Aydındır ki, bütün sərhəd keçidləri ikili münasibətlər deyildir. Terapevt dürüstlük və bütünlük xəttini keçdiyində sərhəd pozulması baş verir və öz səlahiyyətindən faydalanaraq pasienti sömürməyə başlayır.
Sərhəd pozuntuları ya istismarçı biznesdir ya da seksual münasibətdir.
Sərhəd pozuntuları hər zaman qeyri-etikdir, əxlaqsızcadır və illeqal olma ehtimalı yüksəkdir.
Bunu da qeyd etməliyəm ki, sərhəd aşımı terapistdən də gələ bilər, pasientdən də. Pasientdən gəlirsə, bu terapiyada işlənilməli mövzudur. Əgər sərhəd pozuntusu varsa terapiya dayandırılmalı, pasient başqa məsləkdaşa yönləndirilməlidir.
Əgər sərhəd aşımı terapistdən gəlirsə, katastrofadır.
Qaynaq:
Boundary Crossings and Violations in Clinical Settings
V. K. Aravind, V. D. Krishnaram, and Z. Thasneem
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3361837/
Gabbard GO. Psychodynamic Psychiatry in Clinical Practice.
Washington DC: American Psychiatric Press; 1996.
Əlaqəli yazı üçün:
Psixoterapevt nə etməz?
Müəllif: Şəbnəm Sadıqova
Psixoterapevt, Seks Terapevt
shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.