Seks #6 – İcazə

İznsiz seks təcavüzdür!

Seks və cinsi sağlamlıq haqqında yazılan bütün məlumatlardan ən öndə gələn məsələ: razılıqdır. Bunun ortasını tapmaq və ya tutmaq çox da asan olmaya bilər.
Consent: bir şeyin baş verməyi üçün icazə vermək və ya bir şeyi etməyə razılığın olmağı. İngilis dilindəki ”consent” sözünün dilimizdə qarışılığı: riza, izn, razılıq, icazə və s. sizin də ağlınıza gələ biləcək sözlərdir.

Mövzu cinsi sağlamlıqdırsa, bu sözlərdən hansı ən çox uyğun gəlir? Yazıda daha çox ”riza” sözündən istifadə etdik. Konsepti tam mənimsədiyinizdə, sözlər də yerinə oturacaqdır. 

Əgər “riza” konsepti ilə tanış deyil və ya çətinlik çəkirsinizsə, partnerinizlə sevişdiyinizi yox, ona çay içməyi təklif etdiyinizi təsəvvür edin. 

Qarşı tərəf “Çay istəyirsənmi?” təklifinizə “Əlbəttə, çox yaxşı olar, təşəkkür edirəm” deyirsə, bilirsiniz ki, çay istəyir.

Ancaq cavabı “Eh, bilmirəm, əmin deyiləm” olarsa, siz öz istəyinizdən asılı olaraq yenə də çayı dəmləyə bilərsiniz, ancaq, gözləməyin ki, o mütləq içmək istəyəcək və əgər içmək istəməzsə – bu hissə önəmlidir – onu içməyə məcbur etməyin (!). Sırf çayı hazırlamısınız deyə, o çay içilməli deyil. 

Əgər cavab “Yox, təşəkkür edirəm” olarsa,  çay dəmləməyin; sadəcə etməyin. Qarşı tərəfi çay içməyə məcbur etməyin. Çay istəmədikləri üçün özünüzdən çıxmayın. Bu çox sadədir, o çay içmək istəmir, OK?! 

Qarşı tərəf “Hə, təşəkkürlər” demiş ola bilər və siz çayı gətirəndə əslində içmək istəmədiyinin fərqinə varmış ola bilər. Düzdü, bu biraz qıcıqlandırıcı vəziyyətdir, çünki, çayı hazırlamaq üçün o qədər əziyyət çəkmisiniz. Ancaq, bu o demək deyil ki, qarşı tərəf çayı içməyə məcburdur. O çay istəyirdi, ancaq artıq istəmir. Bəzi adamlar sizin suyu qaynatdığınız və çayı dəmlədiyiniz müddətdə fikirlərini dəyişə bilərlər. Bu normal haldır və sizin onlardan çayı içməyi tələb etmək haqqınız yoxdur.

Əgər qarşı tərəf huşsuz vəziyyətdədirsə, ona çay hazırlamayın.
Huşsuz vəziyyətdəki insan çay istəyə bilməz.
Huşsuz vəziyyətdəki insan, “Çay istəyirsənmi?” sualına cavab verə bilməz, çünki o huşsuz vəziyyətdədir.

Ola bilər ki, siz onun çay istəyib-istəmədiyini soruşduğunuz vaxt ayıq idi və sizə istədiyini bildirmişdi və siz suyu qaynadana, çayı dəmləyənə qədər o huşunu itirib. Belə olan halda, çay fincanını kənara qoyun və qarşı tərəfin vəziyyətinin yaxşı olduğundan əmin olun. Ən vacibi isə, huşsuz vəziyyətdəki insana çay içirtməyə çalışmayın. Ayıqkən istəyirdilər, ancaq indiki vəziyyətlərində içə bilməzlər.

Əgər şəxs çay içmək istədiyini bildirib, çayı içməyə başlayıb, ancaq, bitirməmiş huşunu itiribsə, çayı onun boğazına tökməyə çalışmayın; fincanı alıb kənara qoyun və vəziyyətinin yaxşı olduğundan əmin olun. Çünki huşunu itirmiş insan çay istəmir, inanın mənə. 

Əgər qarşı tərəf şənbə günü sizin çay təklifinizə “hə” demişdisə, bu o demək deyil ki, o sizdən hər zaman çay gözləyir. Bu sizə haqq vermir ki, qəfil onların evinə gedib, çay hazırlayıb və “Axı keçən həftə istəyirdin!” deyərək qarşı tərəfi içməyə məcbur edəsiniz. Həmçinin, heç kim istəmir ki, səhər oyanıb görsün ki, siz onların boğazına çay tökürsünüz. “Axı keçən gecə istəyirdin?!” bu vəziyyətdə keçərli arqument deyil. 

Əgər çay istəməyən adama zorla çay içirtməyin nə qədər gülünc və məntiqsiz olduğunu başa düşür və insanların nə vaxt çay içmək istəmədiklərini anlaya bilirsinizsə, mövzu seks ikən bunu anlamaq nə qədər çətin ola bilər?

Çay və ya seks olsun, riza ən vacibidir. 

Yeri gəlmişkən, durun özünüzə bir fincan çay süzün. Nuş!

Mənbə: http://www.consentiseverything.com/

Öncəki yazılar:
Seks #1
Seks #2
Seks #3
Seks #4
Seks #5

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.