YASIN MƏRHƏLƏLƏRİ

Ölümə və ya hər hansısa itkiyə verdiyimiz reaksiyalarla birlikdə, özümüz də bilmədən, keçmişimizdə yarımçıq qalan, məcbur buraxıldığımız və ya qəfil baş vermiş ayrılıqlarımızın şüur xaricimizdəki qalıntılarını da yaşayarıq. Hər itki bütün keçmiş itkilərimizi yenidən canlandırır. Əgər yasımızı tam tuta bilsək, itki bizə böyümək və yenilənmək üçün bir vasitəyə çevrilə bilər.

Ölüm, itki və ya dəyişikliklə bağlı yas tutmaq insan psixologiyası üçün təbii haldır. Bu psixoloji hal, daxili dünyamızla reallıq arasında balans yarada bilməyimiz üçün etdiyimiz kompromislərdir.
İtki: bir insan, sevgili, ailə, dost olamaqla yanaşı, bir inanc, vətən, ümid, keçmişdəki bizə aid hər hansı bir şey ola bilər.  Hər itki bizi qaçılmaz kədərə sürükləyir.

Nəzəri tərəflərini çox uzatmadan, bir az praktik məlumatlarından yazım ki, matəmin hansı mərhələsində olduğunuzu “frame” edə biləsiniz. 

Kübler-Ross grief cycle`a əsasən 5 mərhələ var:

İnkar
Qəzəb
Bazarlıq
Depressiya
Qəbullanma

(Pandemiya başlayan ərəfədən bəri olan periodu bu yöndən ələ almaq, bəziləriniz üçün daha asan ola bilər)

Bu mərhələlər individualdır və sıralandığı kimi təcrübə edilməyə bilər.

İnkar

Yasın ilk mərhələsidir. İtkidən xilas olmağa kömək edir. Bu mərhələdə, dünya mənasız və dözülməz hala gəlir. Heç nəyin bir əhəmiyyəti qalmır. Şok və inkar ərəfəsində oluruq. Keyləşirik.
İnkarı izləyən digər duyğular: qaçınma, çaşqınlıq, şok, qorxu. Bəzən coşqu da ola bilir. Yas yerində müşahidə etmisiz. Ağlamaq yerinə, gülmə krizi gələ bilir insana. Necə davam edə biləcəyimizi, davam edə biliriksə, niyə davam etməli olduğumuzu sorgulamağa başlayırıq. 

Hər günü sadəcə yaşamaq üçün bir yol tapmağa çalışırıq. İnkar və şok yasın öhdəsindən gəlməyimizə və sağ qalmağımızı mümkün etməyimizə kömək edir. Zərərin həqiqiliyini qəbul edib, özünüzə suallar verməyə başlayanda, özünüz də bilmədən sağalma prosesinin təməlini qoyursuz. Siz güclənirsiz, inkar azalır, lakin, inkara davam etsəz inkar etdiyiniz bütün hisslər üzə çıxmağa başlayar.

Qəzəb

Bu, yaxşılaşma prosesinin zəruri bir mərhələsidir. Sonsuz görünsə də, gərək hirsimizi hiss etməyə hazır olaq. Bunu nə qədər çox hiss etsək, o qədər dağılmağa başlayacaq və bir o qədər sağalacağıq. Qəzəbi əhatə edən digər duyğular: təşviş, frustrasiya, qıcıqlanmadır.

Qəzəbin altında bir çox başqa duyğular var və zamanla  onlara yönəlirik, ancaq qəzəb ən çox idarə etməyə alışdığımız duyğudur.  Bir məsələ də var ki, qəzəbin sərhədi yoxdur. Belə bir ərəfədə, qəzəb insanın təkcə dostlara, həkimlərə, ailəsinə, özünə və ya ölən insana deyil, inanclarına da yönələ bilər. Ya da hər hansısa hadisəyə, detallara köçürülür.  Aldadılmış, çarəsiz və ya tərk edilmiş hiss etmək normaldır. Bu mərhələdə, bizi əhatələyən insanlara qarşı qəzəb formalaşdırırıq və bu bir struktura çevrilir.

Qəzəbi basdırmadan, hiss etməyə çalışmaq onu azaltmağa kömək edir.
İtirdiyimiz insana qarşı olan qəzəbimizi basdırmaq üçün günahkarlıq duyğusunu inkişaf etdiririk və bu depressiyaya çevrilə biləcək bir haldır.

Bazarlıq (bargaining)

Bu, çarəsizlik və müdafiəsizlik hissini kontrol altına almaq üçün kaşki-lərə yönəlir. Öz dünyasında, katastrofik hadisələrin önünü ala bilmək üçün vədlər verməyə, planlar qurmağa başlayır. Ağrılı reallıqdan özünü qorumaq üçün edilən müdafiə mexanizmidir.

Torpaqlar alınsın, filan yerdə bir qonaqlıq (konsert; təlim; klip və s.) məndən: kimi paylaşımların, yasın bazarlıq mərhələsinə nümunə ola bilər deyə düşünürəm.

Günahkarlıq hissi bazarlıqla tez-tez yanaşı gəlir. Ola biləcək hər hansısa faciənin önünü almağa bir çabadır.
Keçmişlə bağlı nümunə isə, belə bir inancla formalaşır: filan şeyi başqa cür etsəydim, hər şey fərqli olardı.
Vaxtında həkimə aparsaydım, şansı olardı.
Gələcəyə yönəlik isə: məs. onu heç vaxt incitməyəcəm, bircə tez sağalsın.

Depressiya

Bazarlıq bir çarə, məna axtarışıdır. Digərləri ilə birləşmə, hekayəsini danışma arzusudur. Sonrasında diqqətimiz indiyə yönəlir. Boşluq duyğusu ortaya çıxır. Yas, heç təxmin etməyəcəyimiz formada həyatımıza girir. Ən dərin formada.

Depressiv mərhələ, sanki daimi imiş kimi hiss olunur. Heç zaman qurtula bilməyəcəyik kimi.
Bilmək önəmlidir ki, bu depressiya psixi xəstəlik işarəsi olmaya bilər. Həyatdan çəkilirik, güçlü bir kədər dumanının içində qalırıq və bilmək istəyirik: görən belə davam etməyin bir mənası varmı? Axı niyə davam edim?
İtki sonrası depressiya çox vaxt qeyri-təbii görünür: fix ediləcək və ya çıxarılıb atılacaq birşey kimi. Özünüzə verəcəyiniz ilk sual: yaşadığınız vəziyyətin həqiqətən acınacaqlı olub-olmamağıdır. Dəyərli birinin itkisi çox acınacaqlıdır, depressiya bu halda normal və uyğun bir cavabdır. Sevdiyiniz biri öldükdən sonra depressiya yaşamamaq qeyri-adi olardı. Bir itki ruhunuza tamamilə yerləşdiyində, sevdiğiniz insanın bu dəfə sağalmayacağını və geri gəlməyəcəyini başa düşmək, əlbəttə ki kədərlidir. 

Yas bir sağalma müddətidirsə, depressiya bu ərəfədə lazım olan bir çox addımdan biridir.

Qəbullanma

Bu mərhələ çox vaxt vecsizliklə qarışdırılır. Sanki itkisi olan insan üçün artıq hər şey yolundadır və olanları unudub. Buna görə günahlandırılan və ya özünü günahkar hiss edənlər olur. Məsələ bu deyil. Çox insan itkidən sonra heç vaxt tam anlamı ilə yaxşı hiss edə bilmir. Bu mərhələ, reallığı qəbul etmə və bunun daima belə olacağını qavrama mərhələsidir. Artıq heç nə geri gəlməyəcək, bunun üçün mübarizə aparmaq nəticəsizdir. Heç vaxt bu reallığı sevməyəcəyik və bu reallığı yaxşı şey kimi qəbul etməyəcəyik, ancaq onu qəbul edəcəyik. Bununla yaşamağı öyrənirik. Bu öyrəşməli olduğumuz yeni yaşayış formasıdır. İtkimizin olduğu bir dünyada yaşamağa çalışmalıyıq.

İlk başda, insan öz həyatını itki verməzdən əvvəlki kimi yaşamağa, eyni formada davam etməyə çalışır. Sonra bunun mümkünsüz olduğunu anlamağa başlayır. Keçmişi olduğu kimi saxlamanın və davam etdirmənin mümkünsüzlüyünü qəbul edirik. Artıq hər şey əbədi dəyişib və biz buna uyğunlaşmalıyıq. Bu yeni rolları təzədən müəyyənləşdirməyi, digərlərinə yenisini təyin etməyi və ya öz üstümüzə götürməyi öyrənməliyik.  Qəbullanma mərhələsinə keçiş, yaxşı günləri pis günlərdən daha çox yaşamağa apara bilər. Yaxşı hiss etməyə və həyatdan zövq almağa başladıqda, sanki itkimizə xəyanət edirmiş kimi hiss edə bilərik. İtkinin yerini heç vaxt doldura bilmərik. Lakin, yeni münasibətlər, əlaqələr qura, yeni anlamlar tapa bilərik.

Duyğularımızı inkar etməkdənsə, ehtiyaclarımızı dinləməyə başlayarıq: hərəkət edərik, dəyişərik, böyüyərik, inkişaf edərik. 

Digər insanlara yaxınlaşır və onların həyatlarına daxil olarıq. Özümüzlə və dostluqlarımızla münasibətimizə sərmayə qoyarıq. Yenidən yaşamağa başlayarıq. Ancaq bu, yasa lazımi zamanı verdiyimizdə mümkün ola bilər.

Bu mərhələlərdən hər hansındasa ilişib qalmaq, yası tamamlamağımıza əngəl olur. Yaşanılan itkini idrak etmək, günahlandırmaları, qəzəbi, mümkünsüzə ümid etməyi buraxmaq, indini qəbul etməyə kömək edir. Bu zaman, sağlam və mənəvi rifah içərisində yaşamaq daha mümkün görünür.

Şəbnəm Sadıqova
Psixoloq/Cinsi terapevt

shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.