VAGİNOPLASTİKA, HİMENOPLASTİKA KİMİ ƏMƏLİYYATLARIN CİNSİ SAĞLAMLIĞA TƏSİRLƏRİ. TABULARDAN ƏMƏLİYYAT MASASINA.

Azərbaycanda qadınların “bakirəliyini” bərpa etmək üçün “qızlıq pərdəsinin” tikilməsi (himenoplastika) əməliyyatları hələ də tətbiq edilməkdədir. Bu əməliyyatların bəziləri cinsi təcavüzdən sonra, hadisəyə əsaslanaraq reallaşdırılsa da, əksəriyyəti heç bir tibbi məqsədə xidmət etmir. Himenoplastika, qadın hüquqlarına xələl gətirən və gəlirli (lucrative) bazarı artıran bir sui-istifadə formasıdır. Eyni zamanda da bioloji-anatomik quruluşla əlaqəli təhlükəli, səhv məlumatları gücləndirməyə xidmət edir.
Qurulan əksər evliliklərdə oğlan tərəfin gözləntisi səbəbilə bu kimi əməliyyatlara çarəsizcə müraciət edən qadınlar klinikalara olduqca yüksək məbləğlər ödəməli olurlar. Əksər ailələr üçün “bakirəliyin” yeganə sübutu: toy gecəsi yataqdakı qan ləkələridir. Bu, qadınlara arxaik bir baxışı əks etdirir. Himeni qızlıq zəri olaraq təqdim edib, üstünə də bəkarət anlayışını yükləyərək insanların əsrlərdir miflərə inanmağına, anatomiya haqqında səhv məlumatlanmaqlarına səbəb olublar.

Keçmişdən bəri görməyə və eşitməyə öyrəşdiyimiz himenoplastika (qızlıq zəri tikilməsi) əməliyyatları bazarda öz yerini möhkəmləndirərkən, bir də vaginoplastika reklamları ortaya çıxmağa başladı. Bunu əməlli-başlı bir sektora çeviriblər. Qadınlara dar vagina və yüksək cinsi həzz vədləri verərkən, sonralar cinsi əlaqədə ağrıların; qanaxmaların; infeksiya, çapıq, yapışmalar, genital nahiyə həssaslığında azalmaların ola biləcəyindən heç bəhs edilmir. Cəmiyyətin qoyduğu normalar, tabular bax belə ikiüzlüdür. Bir yandan ar, namus, qeyrət, iffət deyir və çərçivələr yaradır. Digər yandan qoyduğu qadağalara bir tələb formalaşdırır və çözümünü yüksək məbləğə satır. Hər dəfə qadın bunları təkcə pulla yox, fiziki ağrı və mənəvi izdirabla ödəyir. 

Maraqlıdır ki, görəsən bütün bu əməliyyatların qadınların təməl hüquqlarını və etik standartları pozduğu üçün dövlət qanunvericiliyi nəsə etməyi düşünür?
1. Əsassız hymenoplastika əməliyyatlarının reallaşdırılmağını qınayır və səhiyyəni onların həyata keçirilməyini qadağan etməyə təşviq edirmi?
2. Qadınlara qarşı bu sui-istifadə üçün cavabdeh olanları cəzalandırmağı nəzərdə tutubmu?

Sosial-mədəni normaların ikiüzlü, istismarçı qanunlarının qurbanları sadəcə qadınlar deyil. Kişilərin böyük əksəriyyəti cinsi təcrübələrini seks işçisindən öyrənirlər. Bunu etmək məcburiyyətindədirlər. Çünki, cəmiyyət onların seksdə “təcrübəli” olmağını tələb edir. Bəzən aralarında 18 yaşdan az olanları da olur. Cəmiyyət bunu normal, hətta mütləq kimi qəbul edir. Bu davranış yüksək qiymətləndirilir və o “əsl kişi” elan edilir. Halbuki, bu bir uşaq istismardır və heçkəs səsini çıxarmır. 

Böyüdülərkən ona cinsi performansının kişiliklə əlaqəli olduğu aşılanmağa başlanır. Beləliklə, seks – seksuallıq sosial-mədəni normalar tərəfindən kişinin iqtidar, güc nümayiş etdirdiyi sahəyə, qadının isə passiv olduğu, məruz qaldığı bir şeyə çevrilir. Nəzərə alaq ki, ölkəmizdə qadın seksuallığını nə qadınlar bilir, nə də kişilər. Kişinin məlumatlı, təcrübəli olmadığı bir sahədə üzləşə biləcəyi təbii sıxıntı və ya səhvlərdən dolayı isə cəmiyyət əsla tolerans göstərməyəcəkdir. Damğalanmalar və həll yolları paralel formada kişiyə istiqamətlənməyə başlayır. Yüksək məbləğdə dərmanlar, məcunlar, satılan və aşılanan xəstəlik ideyaları, cərrahi əməliyyat təklifləri və s. Zədələnən şəxsiyyət, korlanan münasibətlər, evlilik xarici qurulan əlaqələr, çözüm arayışları, artan sıxıntılar, itirilən pullar, … qüsurlu dövran. 

Uşaqlıqdan bəri qadağan edilən, uzaq durmalı olduğu aşılanan məsələlərə qarşı qadından gözlənilir ki, toy gecəsi birdən-birə hakim olsun və baş verənlərdən zövq alsın. İllərlə qadağan etdiyin şeyləri qarşındakının qəflətən normal qəbul etməyini gözləyə bilməzsən. 
Çox qadın öz bədənlərini yaxşı tanımır, ona tam hakim deyil. Klitorisin nə olduğunu, harada yerləşdiyini, nə işə yaradığını çox az qadın bilir. Bəlkə də bunu oxuyarkən ömründə ilk dəfə bu sözü öyrənmiş olanlar da oldu aranızda. Cinsi əlaqədən, öz seksuallığından həzz ala biləcəyi, bunun zövqlü bir şey olduğu fikrinə sahib olmaq bir qadın üçün o qədər də asan mərhələ deyil. Seksuallığı müşayiət edən duyğular adətən utanc, günahkarlıq və qorxudur.

Bu kimi “tərbiyə” mərhələlərindən keçən həmin qadın və kişi, daha sonra cütlük olaraq yaşadıqları cinsi sıxıntılarla (məs.: vaginizm) bağlı suallarına cavab və həll yolları arayışına girirlər. Beləliklə, üçüncü “trend” olan himenoktomiya (qızlıq zərinin əməliyyatla çıxarılması) ilə tanış olurlar. Bəzən cinsi əlaqəyə girməklə bağlı yaranan qorxunun qızlıq pərdəsinin cırılmasına bağlı olan qorxu səbəbindən yarandığını düşünərək, onlara qızlıq pərdəsini əməliyyatla aradan qaldırmaq təklif edilir. Bu, fayda yox zərər verir. Üstəlik, bu cür metodlar cütlüklərin “hər şeyi sınadıq, yenə olmadı” şəkildə çarəsizlik hisslərini artırır. Himenektomiya qaçınma və özünə qapanma davranışı üçün faydalı bir vasitə deyil. Bəzən, cinsiyyət orqanlarının fiziologiyası və anatomiyası haqqında qısa bir məlumat belə xəstələrin problemlərinin uzanmasının qarşısını ala bilər.

Cinsi təhsilin olmamağı, elmi əsaslı məlumatların paylaşılmamağı, maarifləndirmənin zəif olmağı insanları bu kimi mövzularda müdafiəsiz hiss etdirə bilir. Beləliklə, bu kimi sıxıntılardan faydalanan, bu sahəni qazanc mənbəyinə çevirənlərin qurbanı halına gəlirlər.

İstismara qatılmamaq və onu çoxaltmamaq hamımızın məsuliyyətimizdir. Yuxarıda sadaladığım xidmətləri reklam edərək bu bakirəlik tabusunu və cinsi istismarı davamlı olaraq çoxaldanların da, onu sektora çevirənlərin də etik olmayan bir iş gördüklərini xatırlamağımız lazımdır. Qısa müddətdə həll kimi görünən müdaxilələrin uzun müddətdə qadınlara və bütün cəmiyyətə zərər verdiyini görürük və bilirik. Qızlıq pərdəsinin namus göstəricisi olaraq simvolizə edilməsinə, qadın bədəninin alçaldılmasına, idarə olunmasına və istifadəsinə qarşı çıxmalı və himen kontroluna şərait yaradan sistemə, bu anlayışları inşa edən zehniyyətlərə qarşı mübarizə aparmalıyıq.

Gücünüzü tibbi əsası olan məlumatlardan alın. Sorğulayın, araşdırın. Tabuların sizi əsir almağına, bədəninizi, seksuallığınızı, həzzinizi sizdən oğurlamaqlarına icazə verməyin. Nəyin sizə yaxşı təsir edəcəyinə onlar qərar verə bilməzlər. Əgər hər hansısa sıxıntınız, şikayətləriniz, pozuntunuz olduğunu düşünürsünüzsə, bunların həqiqi bir problem olub-olmadığını araşdırın. 

Cinsi sağlamlıqla bağlı ətraflı məlumatlar üçün aşağıdakı yazıları oxuya bilərsiniz:

Sağlam cinsi həyat
Seksin faydaları
Masturbasiya

Referanslar:

Vaginal rejuvenation: current perspectives. Int J Womens Health. 2017; 9: 513–519.
Sexual function in women with pelvic floor disorders. Can Urol Assoc J. 2013 Sep-Oct; 7(9-10 Suppl 4): S199–S201.
Effectiveness of selective vaginal tightening on sexual function among reproductive aged women in Iran with vaginal laxity: a quasi-experimental study. J Obstet Gynaecol Res2014 Feb;40(2):526-31. doi: 10.1111/jog.12195. Epub 2013 Oct 11.
What’s normal? Influencing women’s perceptions of normal genitalia: an experiment involving exposure to modified and nonmodified images. BJOG 2014 May;121(6):761-6. doi: 10.1111/1471-0528.12578. Epub 2013 Dec 19.

Şəbnəm Sadıqova
Psixoloq/Cinsi terapevt

shabnamsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir. 

Şərh yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.