Bəs onda niyə ərə getmisən?

Cinsi sıxıntıları olan, daha dəqiq, vaginizmdən əziyyət çəkən xanmların ən çox eşitdiyi qınayıcı sualdır bu: “əgər edə bilmirsənsə, onda niyə ərə gedirdin?! oturmuşdun da atanın evində!” 

Bu sualı ona istiqamətləndirən xala, rəfiqə, qonşu, qaynana və s. olduğu kimi, həkimlər də bu siyahıya qatılır. Sonuncunu təəssüf hissi ilə yazıram. Çünki, xüsusilə cinsi problemlərimiz varsa, birinə bu haqda danışmaq olduqca çətindir. Özümüzü toplayıb, həkimə getmək isə daha da çətin. Nə ilə üzləşəcəyimizi bilmərik əvvəlcədən. Hələ üstəlik, tam da cəsarətimizi toplamışkən, həkimdən belə qınayıcı bir reaksiya gördüyümüzdə, qəlbimizlə yanaşı, motivasiyamız da qırılmış olur. Siz buna, ümidi də əlavə edə bilərsiniz.

Biraz balansı qorumaq istəyirəm. Qadınların cinsi sıxıntılarından yazarkən, kişiləri unutmuşam zənn etməyin. Hər hansısa bir cinsi sıxıntı yaşayan kişilər də, sanki kişiliklərindən birşey əksilmiş kimi hiss edirlər. Bu haqda mütəxəssisə müraciət etmək onlar üçün də zaman alır. Qınanmaqdan, damğalanmaqdan qorxarlar. Çünki onlar da nə ilə üzləşəcəklərini əvvəlcədən bilməzlər.

Bu sıraya yoldaşının cinsi problemi üçün (qadın vəya kişi) mütəxəssisə gedən şəxsləri də daxil edə bilirik. Etika və əxlaqı bir yana qoyaq, intellektual bacarıqlara belə zidd olan nitqlə üzləşirlər. (məsələn: sən buna neylədin ki, bu vəziyyətə düşdü?; sən özün problemlisən, onun boynuna yıxma!…və s.

Ölkəmizdə hər 5 cütlükdən 4-nün qarşılaşdığı bəzi cinsi problemlər vardır. Lakin, onların şikayətinə uyğun, düzgün yanaşma olmaya bilir. Ya da, bu şikayətlərlə kimə müraciət etmək lazım olduğunu bilməyə bilərlər. Hələki, ölkəmizdə cinsi diaqnostika və müalicə sahəsi tam inkişaf etməmişdir, mütəxəssis sayı olduqca azdır. Bu sahəyə aid olan şikayətlərə həkimlər aşina olmaya bilərlər. Vəya düzgün diaqnoz qoyduğu halda, müalicəsi üçün nə etmək lazım olduğunu bilməyə bilər. Bu hallar da pasientin çarə axtarışında, sıxıntılarla üzləşməyinə səbəb olur.
Bütün bunlardan yükünüzü biraz da olsa azaltmaq üçün, utanmadan-sıxılmadan, araşdırma ruhunuzu gücləndirərək, partnerinizlə/ yoldaşınızla dəstəkləşərək çıxış yolları axtarmaq faydalı olacaqdır. Cinsi problemlərin həlli üçün düzgün mütəxəssisi tapmaq nə qədər vacibdirsə, partnerin dəstəyi də bir o qədər önəmlidir. Cütlük müalicəyə bərabər qatıldığı zaman, müalicənin müddəti qısalmış olar.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.