“Ruh Bədən və Mən” üçlüsü

Bir insanın öz həyatını necə yaşayacağına, ruhuna necə bir bədəndə həyat vermək istəyəcəyinə ancaq özü qərar verə bilər. Bunu burada möhkəmlədək. Sonralar bu cümləni tez-tez xatırlayacağıq.

Cinsi yönəlim təməlindəki diskriminasiya ilə ən çarpıcı insan haqları məsələlərindən biri olmağına baxmayaraq, haqqında ən az işlər görülən mövzulardandır. İnsan cinsiyyəti “qadın ya da kişi” olaraq təsnif edilmiş halda ikən, faktiki vəziyyət çox daha qarışıq haldadır. Qeylər, lezbiyanlar, biseksuallar, əməliyyat olunan (kişi bədənindən qadına- qadın bədənindən kişiyə) transgenderlər, travestilər və ya qarşı cinsə aid paltarlar geyinənlər (cross-dresser), interseksuallar və ya hermafroditlər (əsas cinsi orqanları qeyri-müəyyən olaraq (cüt orqan) doğulmuş olmaq), xədimlər, onlara yönəldilmiş “cinsiyyətiniz?” sualına əzbərlərindəki şablon cavabı verməkdə haqlı olaraq tərəddüd yaşayacaq dezavantajlı qruplar kimi görünürlər.
LGBTİ mövzularında hər zaman qarşımıza bütün neqativliyi ilə çıxan “homofobiya” termininə həmkar olaraq “transfobiya” kəliməsi də son zamanlarda qulaqlarımıza təcavüz etməyə başlamışdır. Transseksuallardan və travestilərdən qorxmaq vəya məmnuniyyətsizlik olaraq tərif edə biləcəyimiz transfobik olmaq halı, təəssüf ki, təkcə heteroseksuallara xas düşüncə tərzi deyildir. Bəzi məkanlara tətbiq edilən diskriminasiya ucbatından homoseksualların girişinə qadağa edildiyi kimi, bəzi məkanlarda da transların vəya travestilərin arzulanmamağı kimi reallıq da təəssüf ki vardır. Bu nöqtədə transseksuallar və travestilər, yuxarıda qeyd etdiyim cinsi yönəlim təməlli dezavantajlı qruplar içərisində bəlkə də ən çox təcrid edilən kəsim olaraq gözə çarpır.
Bu təcridlərin ən ağrılısı ailə tərəfindən olunandır. Övlad (!) daha bətndə ikən cinsi orqanları inkişaf etməzdən əvvəl formalaşan (beynində) cinsi kimliyinin günahkarı olur. Niyə özümü qadın kimi hiss edirəm? Qadın olduğumu haradan bilirəm? Gözümüzün gördüyü “qadın olmaq” hissi ilə, sahib olduğumuz bədən forması arasında bir uyğunluq varsa, özümüzə bu sualları vermərik. Əgər bizə səhv görünən birşey varsa bu fərqləri sorğulamağa başlayarıq. Yeniyetməlik dövründə anatomik dəyişikliklərin olduğu, beynimizin həmcinslərindən zaman keçdikcə daha çox fərqləndiyimizi gördüyümüzdə parçalayıcı bir ziddiyyətlə göz-gözə gəlmiş oluruq. Və bitmək bilməyən yaradılış sancıları….
Bu videonu izləyərkən bütün yuxarıdakı cümlələr axdı getdi qəlbimdən.

Yaşadığı anları, planlarını danışarkənki məğrurluğu, sonda isə “öz ayaqları üzərində duran qadın olacağam” deyərkənki nazəndə çiyin çəkişi ilə qarşımızdadır Ameli….
Bu mövzulara toxunmağa başlayarkən, yazmaqdan özümü ayıra bilmədiyimi görürəm. Hətta yazımı yenidən oxuyub redaktə etməyə belə çəkinirəm. Çünki, əlavələr etmək, yeni abzas açmaq, asossiasiyalar və s. edim deyərkən, bir də görəcəyəm ki üfüqün dərinliklərinə üzürəm. Bundan qaçmıram əslinə, sadəcə, bugün bütün melodiyalar Ameli üçün çalır…

Əzizim Ameli,
Dinlə məni, dinlə…
Sən bir bütünsən. Heç olmadığın qədər. Heçkəsin çatmadığı qədər.
Sən bir cürətsən. Anlaması çətin, səvməsi içdən.
Sən bir dəyərsən. Ölçülməz olan, hesab-kitabsız.
Sən bir təbəssümsən, yoluxucu olan.
Sən bir qüvvəsən, paylaşdıqca artan.
Sən bir qəlbsən, dalğalandıqca coşan.
Sən bir kimliksən, özgür və sərhədsiz.
Ruhunu dinlə. Özünü dinlə. Onlardan eşitdiyindir səni anlatan. Onlar yanıltmayacaq.
Aynaya bax. Mənim gördüyüm zərafəti, bu məsumiyyəti sən də görürsən.
Biz eyni yönə baxırıq.
Biz eyni yöndən baxırıq.
Səni görürəm və hiss ədirəm.
Səni eşidir və dinləyirəm.
Yanındayam Ameli.
Səninləyəm.
Sən ruhunla bütünləş.
Hiss etdiklərin gerçəkdir.
Sən gerçəksən.
Eşidirsənmi?…

 

Oxşar yazılar:

Ay aman! Oğlum qız kimi davranır!

shebnemsadigova.com saytında yayımlanan, sayta aid yazılar, məqalələr, xəbərlər icazə alınmadan nəşr etdirilməz, internetdə istifadə edilməz, çoxaldılmaz, yayımlanmaz. İcazəsiz istifadə edənlər haqqında hüquqi yollara müraciət ediləcəkdir.