PTSP VƏ TRAVMANIN BEYİN FƏALİYYƏTİNƏ TƏSİRİ

Qadınların təxminən 10, kişilərin isə 4 faizi həyatları boyu Post Travmatik Stress Pozuntusundan (PTSP) əziyyət çəkirlər. Seksual travmaya məruz qalan kişi və qadınlar, xüsusilə də gənc yaşda və dəfələrlə təkrarlanan travmaya məruz qaldıqda yüksək risk altındadırlar. 

PTSP təhlükə zamanı, həssas vəziyyətdə, özünüqəbul və emosional funksionallıq zamanı meydana çıxa bilən narahatlıqları ifadə edir və psixi sağlamlıqla əlaqəlidir. Bu sağlam, uğurlu münasibət qurmaqda və ya həyatın naməlum şəraitini, uğursuzluq və imtinaları stressiz qəbul etməkdə ciddi fəsadlar törədə bilir. Həmçinin fobiyalar, yuxu pozuntuları, mənfi əhval-ruhiyyə, narahatlıq, akademik və ya karyera uğurları zamanı diqqət/konsentrasiya pozuntuları yarada bilir. Neyrobiologiyada aparılan araşdırmalar göstərir ki, beynin müəyyən zonalarındakı zəifləmiş funksiyalar təhlükəni müəyyən etmə, ona cavab vermə və emosiyaların idarə edilməsi ilə nəticələnir ki, bu da bir sıra PTSP simptomları deməkdir. 

PTSP nədir?

PTSP yaxın və ya uzaq keçmişdə baş verən hər hansı travmaya cavabı gücləndirən psixi sağlamlıq vəziyyətidir. Adətən bu insanın özünün və ya sevdiklərinin həyatına təhlükə və ya fiziki sağlamlığa təhdiddən ibarət olur. PTSP-nun əsas simptomlarına yenidən yaşama (məsələn, qarabasmalar, xatırlama və ya dərin emosional hislər), baş verən hadisələri xatırladanlar və ya həmin andakı hislərdən uzaq durma cəhdləri, hiper-həyəcan (məsələn, daim uçurumun kənarında kimi hiss etmə), stress yaradan düşüncələr və ya emosional reaksiyalar daxildir. Bu simptomlar ən azı iki həftə davam etməli, fəaliyyət mexanizminə təsir göstərməli və ya müəyyən stressə bais olmalıdır. 

Beynin hansı hissələri PTSP-unun təsirinə məruz qalır?

PTSP simptomları adətən iki zonada disfunksiyaya səbəb olur:

Amiqdala. 

Temporal lobun orta hissəsində, dərində yerləşən, badamvari balaca strukturdur. Amiqdalanın funksiyalarına daxildir:

  • Təhlükəni müəyyən edir, “döyüş və ya qaç” reaksiyasını aktivləşdirir;
  • Təhlükənin öhdəsindən gəlmək üçün simpatetik sinir sistemini aktivləşdirir;
  • Yeni emosional və ya təhlükəyə dair xatirələrin toplanmasına kömək edir;

Prefrontal Korteks (PFK)

Prefrontal korteks frontal lobda, alnın arxa hissəsində yerləşir. 

PFK-nin funksiyalarına daxildir:

  • Diqqət və ehtiyatı idarə edir;
  • Vəziyyətə uyğun ən yaxşı reaksiyanı verməklə bağlı qərarlarda kömək edir;
  • Şüurlu, könüllü davranışı müəyyənləşdirir;
  • Hadisələrin məğzini və emosional rolunu müəyyən edir;
  • Hissləri idarə edir;
  • Disfunksional reaksiyaları düzəldir və ya hazırlayır. 

Beyin təhlükəni müəyyən edəndə, amiqdala cəld, avtomatik özünümüdafiə (“döyüş və ya qaç”) cavabını yaradır. Bu zaman beyin və bədəndə adrenalin, norepinefrin və qlukoza artır. Təhlükə davam etdikdə amiqdala hipotalamus və hipofiz vəzləri ilə əlaqə saxlayaraq kortizol ifraz etdirir. Prefrontal korteksin orta hissəsi isə təhlükəni şüurlu olaraq qiymətləndirir, buna uyğun olaraq “döyüş və ya qaç” cavabını ya gücləndirir, ya da zəiflədir.  

PTSP olan insanların təhlükəyə cavabları ilə bağlı araşdırmalar göstərir ki, onlarda:

  • Amiqdala hiper reaktivdir;
  • Medial PFK daha az aktivdir;

Başqa sözlə desək, amiqdala medial PFK potensial təhlükəyə cavabda daha zəif ikən, amiqdala olduqca güclüdür. 

PTSP zamanı beyin disfunksiyalarının nəticələri:

Hipernarahatlıq 

Amiqdala həddindən artıq reaksiya göstərdiyinə görə təhlükə ilə bağlı lazım olandan çox norepinefrin ifraz edilir. Bu isə PFK tərəfindən o qədər də yaxşı nizamlanmır. 

Norepinefrinin effektlərinə daxildir:

  • Hipernarahatlıq;
  • Hipersayıqlıq;
  • Yuxu və ayıqlıq pozuntusunun çox yüksək olması;

Hipernarahatlığın nəticəsi olaraq PTSP olan insanlar original travmanı xatırladan istənilən hadisədən təsirlənə bilirlər (məsələn, seksual təcavüz qurbanı hekayəsini televizorda danışarkən, yüksək səs və ya hücumçuya bənzəyən kiməsə rast gəlmə və s.) Hipersayıqlıq simptomları xəstələri daim diqqətli olmağa vadar edir. Həddindən artıq sayıqlıq onlarda yuxu problemlərinə və ya gecə yarısı oyanmalara səbəb olur. 

Reaktiv qəzəb və impulsivlik

Reaktiv amiqdala PTSP olan insanları daim sayıq, təhlükə gördükdə cəld reaksiya verməyə hazır saxlayaraq onları daha çox impulsiv edir. Orbital PFK PFK-nin bir hissəsidir və lazım və ya vacib olmayanda motor davranışı (fiziki hərəkəti) yaradır. PTSP olan insanlarda orbital PFK-nin həcmi azdır və daha az fəaldır. Bu o deməkdir ki, PTSP olan insanlar emosional olaraq tətiklənərkən reaktiv qəzəblərini və impulsiv davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Reaktiv qəzəb karyera uğurlarına və münasibətlərə ciddi zərər vura bilir. 

Artmış qorxu, qəzəb və azalmış pozitiv emosionallıq 

PTSP məruz qalan insanlar tez-tez neqativ emosiyaların çoxluğundan, pozitiv emosiyaların azlığından şikayət edirlər. Onlar gündəlik fəaliyyətlərdən və münasibətlərdən zövq almaqda çətinlik çəkirlər. Bu hiperaktiv amiqdalanın beynin özünü analiz və emosional qavrayışla bağlı olan hissəsi- insula ilə əlaqəyə keçməsinin nəticəsidir. Amiqdala-insula dövriyyəsi hadisələrin məğzini anlama və emosiyaları idarə etməyə cavabdeh olan orta PFK-yə də təsirsiz ötüşmür. Araşdırmalar göstərir ki, amiqdala-amiqdala-insult dövriyyəsindəki yüksək aktivlik orta PFK-nin fəaliyyətini basdıraraq, mənfi emosiyaları idarədə, hadisələrə müsbət mənalar yükləməkdə çətinlik yaradır. 

Müalicələr PTSP olan insanların beyinlərinə necə təsir edir?

Bəzi araşdırmalar göstərir ki, travmaların təkrar-təkrar üzə çıxmasını özündə ehtiva edən psixoterapiyalar PFK-nin travma ilə bağlı hadisələrə daha az təhlükə və ya daha çox pozitiv yükləməsi bacarığını artırır. Antidepressantlar da oxşar effekt yaradır. 10 həftədən 12 həftəyə qədər davam edən mindfulness müdaxilələri amiqdalanın həcminin azalmasını, amiqdala və PFK arasındakı əlaqələrin artmasını göstərir. Diqqətlilik amiqdalanı daha az reaktiv etməklə bərabər PFK-nin təhlükəyə cavab olaraq daha çox sakitləşdirmə bacarığını yaradır. Lakin PTSP olan bəzi insanlar diqqətli olmaqda və ya aktiv formada travmaları ilə üzləşməkdə çətinlik çəkirlər. Qaçmağa çalışma PTSP-nun əsas simptomlarından biridir və bəzi xəstələr stressli hisslərlə üzləşməmişdən qabaq daha çox dəstəyə və münasibətə ehtiyac duya bilərlər. 

Nəticə 

Araşdırmalar göstərir ki, PTSP olan insanların beyinləri bu simptomlardan azad beyinlərdən əsas 2 yolla fərqlənir:

  • Onlar təhlükəyə qarşı hiperaktivdirlər (amiqdala);
  • Stress və qəzəbi idarə etməkdə və ya sakitləşməkdə çətinlik çəkirlər (medial PFK)

PTSP üçün effektiv müalicə üsulu amiqdalanın reaktivliyini azaltma və ya PFK-nin sakitləşdirmə bacarığını artırma yolu ilə bu beyin disfunksiyalarının aradan qaldırılmasını özündə əks etdirir. PTSP-nu tanımaq və müalicə etməklə bağlı təlim keçmiş terapistlər travma təcrübələri ilə bağlı yaranan izdirabları azaltmaqda çox effektivdirlər. Pasientləri simptomlarla və PTSP-nun neyrobiologiyası ilə bağlı məlumatlandırmaq kömək edə və onların idarə hisslərinin, özgüvənlərinin artmasına yardımçı ola bilər. 

Melanie Greenberg Ph.D.
How PTSD and Trauma Affect Your Brain Functioning
References:
Southwick, S. M., Davis., L. L., Aikins, D. E., Rasmusson, A., Barron, J., Morgan, C. A. (2007) Neurobiological alterations associated with PTSD in Handbook of PTSD: Science and practice. Edited by Friedman MJ;
Keane TM; Resick PA. New York, Guilford Press, 2007, pp165-189
Shin LM, Rauch SL, Pitman RK. Amygdala, medial prefrontal cortex, and hippocampal function in PTSD. Ann N Y Acad Sci. 2006;1071:67–79.  [PubMed]
Ann N Y Acad Sci. 2006 Jul;1071:67-79. Review.
PMID:
16891563